Olduğun kimi yaşa

Şekspir demişdir: “Dünya bir teatrdır, insanlar isə onun aktyorlarıdır”. Bir çox hallarda biz steriotiplərin məngənəsinə qapanmış şəkildə həyatı yaşayırıq. Cəmiyyətin hər tələbi üçün öz maskamızı formalaşdırırıq… Bizim dünya görüşümüzə zidd olan hər şeydən qorxuruq. Belə bir halla qarşılaşanda onu aqqresiya ilə qarşılayırıq çünki bu düşüncələrimizə zidd mövqe bizim dünyamızda formalaşdırdığımız şablonları məhv edir. Həyatımız mübarizə və əzab-əziyyətdən ibarət olduğunu düşünürük. Elə düşünürük ki, hər şeyi mübarizə apararaq əldə etməmiz lazımdır, əslində isə lazım olan hər şey bizim yanımızdadır. Bizə sadəcə əlimizi uzadıb onu əldə etməyimiz qalır. Ancaq yanımızda olan, bizə xoşbəxtlik bəxş edən şeylərə biz qarışıq yollarla getməyə çalışırıq. Bununla da özümüz öz həyatımızı çətinləşdiririk. Biz xarici formaya üstünlük verərək daxili dünya barəsində unuduruq. Biz olduğumuz kimi yaşamağı unuduruq. Biz uşaq kimi olmağı unutmuşuq.

Biz hamımız bu dünyaya bizi məhdudlaşdıran bir mühitə gəlirik. Bir uşağı müşahidə etməklə biz olduğun kimi yaşamağın nə olduğunu anlaya bilərik. Uşaqlar maska taxmırlar, rol oynamırlar. Uşaq nəyi görürsə, nə düşünürsə onu da danışır. Bir uşağın gözlərinə bağdığınız zaman parlayan boşluğu görə bilərsiniz. Onun dünyası hələ məhdudiyyətlərə məruz qalmayıb, o hələ maska geyinməyib. Bir uşağın formalaşdırdığı şəxsiyyət onun bilincinin üzərinə geyindiyi cəmiyyət üçün olan maskadır. Bu maskanı uşaqlar 7 yaşından artıq geyinməyə başlayır. Məhz bu yaşdan uşaqların öz daxili dünyaları ilə əlaqəsi kəsilir. Tam formalaşma 14 yaşınadək tamamlanır. Bu yaşdan etibarən ömrümüzün qalan hissəsi üçün artıq vərdiş etdiyimi maskaları daim geyinməyə başlayırıq. Bu maska ilə kütlənin bir hissəsi olaraq “Təki pisləməsinlər, təki yan baxmasınlar, təki uzaqlaşdırıb tək buraxmasınlar təki….” düşüncələri ilə yaşayaraq kütlədən seçilməyə qorxuruq. Kütlənin arasında biz rol oynayırıq, əslində isə uğur insan özü olduğu zaman, olduğu kimi yaşadığı, özünü dərk etdiyi zaman gəlir. Biz həyat illuziyasına qapanıb kim olduğumuzu unuduruq. Biz kütlə içərisində, cəmiyyətdə kim olduğumuzu yaxşı bilirik və öz rolumuzdan çıxmağa qorxuruq. Biz özümüzü geyindiyimiz maska ilə eyniləşdiririk. Bu isə əsl kimliyin illuziyasıdır.

Həyat səhnəsində roldan çıxmaq üçün qərarlılıq önəmlidir. Yuxudan oyanmış, maskadan azad olmuş insanları adətən cəmiyyətdə tutduğu vəzifədən aslı olmayaraq cəmiyyətdən kənarlaşdırmağa çalışırlar. Qədim dövrlərdən “Kim bizimlə deyil, bizə qarşıdır” devizi mövcud olmuşdur. Oyanmış insan kütlənin kölgəsindən günəşə doğru çıxır. Oyanmış düşüncə ikili yaşamdan ayrılmış olur və bununla da kütlə düşüncəsindən kənarlaşmış olur. Məşhur bir deyimdə deyildiyi kimi “Ağıl yaxşı kölə, ancaq pis ağadır”. Maskasından xilas olmuş insanın düşüncəsi tam gücü ilə işıq saçır. Məhz belə insanlara doğru bütün dünya hərəkət etməyə başlayır. Məhz bu insanların ətrafında onları uğura aparan proseslər baş verir. Şanslı olan hər kəs heç də xoşbəxt olmur. Varlı insanların öz problemləri var. Lakin, cəmiyyətin şərti şəraitindən qurtulmağı bacaran şəxslər həqiqətən xoşbəxt olur. Bu şəxslər şüuru şəxsiyyəti sayəsində parlayan şəxslərdir. Maskaları atın, olduğunuz kimi yaşayın!